UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü başlanıb.

A qrupunda mübarizə aparan çempion "Bavariya" maksimum nəticəylə irəliləyir. Münhen futbolçuları səfərdə "Zaltsburq"u meydana çıxmağa peşman edib. 4-cü dəqiqədə Mergim Berişa meydan sahiblərini önə keçirsə də, Almaniya klubu bu qolun əvəzini artıqlaması ilə çıxıb. 21-ci dəqiqədə Robert Levandovski penaltini dəqiq yerinə yetirib. İlk hissənin yekunlaşmasına 1 dəqiqə qalmış isə Rasmus Kristensen avtoqol müəllifi olub. Fasilədən sonra oxşar məzmun təkrarlanıb. Lakin bu dəfə Avstriya komandasının vurduğu 1 qola, "Bavariya" 4 topla cavab verib. 66-cı dəqiqədə Masaya Okuqava "Zaltsburq"a üstünlük qazandırsa da, Münhen klubunun heyətində Jerom Boatenq, Leroy Sane, Robert Levandovski və Lyuka Ernandes fərqlənərək böyük hesablı qələbəni təmin ediblər. Münhenlilər UEFA Çempionlar Liqasında son 15 dəqiqədə 4 qol vuran ilk kollektiv kimi tarixə düşüblər.  "Zaltsburq" - "Bavariya" 2:6.  Qrupun digər oyununda isə "Atletiko" Moskvada "Lokomotiv"in qonağı olub. 18-ci dəqiqədə Xose Mariya Ximenes İspaniya klubunu irəli keçirsə də, 7 dəqiqə sonra Anton Mirançuk tarazlığı bərpa edib. Qalan vaxtda komandaların bütün səyinə baxmayaraq, hesab dəyişməyib: Lokomotiv - Atletiko 1:1.

A qrupuna 9 xalla "Bavariya" başçılıq edir. "Atletiko" 4 xalla 2-ci, "Lokomotiv" 2 xalla 3-cüdür. "Zaltsburq" 1 xalla 4-cü pillədədir.    B qrupunda "Real" - "İnter" matçı diqqət mərkəzində olub. 25-ci dəqiqədə Kərim Benzema rəqibin kobud səhvindən sonra hesabı açıb. 8 dəqiqə sonra Serxio Ramos fərqi artıraraq "kral klubu"nun heyətində 100-cü qolunu vurub. Amma fasiləyə kimi Lautaro Martines fərqi azaldıb. 2-ci yarıda komandalar hərəyə 1 qol vurublar. 68-ci dəqiqədə İvan Perişiç hesabı bərabərləşdirsə də, vaxtın tamamına 10 dəqiqə qalmış Rodriqo "Real"a qələbə qazandıran qolun müəllifi olub: 3:2.  Bu qrunun "Şaxtyor" "Borussiya" (Mönhenqladbax) görüşündə isə qonaqlar böyükhesablı qələbəyə seviniblər. Qonaqlar artıq ilk hissədə 4 qol vurublar. Alassan Pleanın dublu, Valeriy Bondarın avtoqolu və Rami Bensebainin fərqlənməsi ilə Monhenqladbax futbolçuları matçın taleyini demək olar ki, elə ilk hissədə həll ediblər.  Fasilədən sonra Lars Stindl fərqi 5 topa çatdırıb. Plea isə het-trik edərək mübarizəyə nöqtə qoyub: “Şaxtyor” – “Borussiya” M 0:6.

3 oyundan 5 xal toplayan Almaniya klubu B qrupunda zirvədədir. 1 xal az toplayan Şaxtyor 2-cidir. Qrupda ilk qələbəsini qazanan "Real" 4 xalla 3-cü pillədədir. "İnter" 2 xalla sonuncudur.